Bir neçə aylıq sınaqlardan sonra Waymo nəhayət yeni nəqliyyat vasitəsində — Zeekr RT miniveninin əsasında hazırlanmış və Ojai adlandırılmış robotaksidə qeyri-əməkdaş sərnişinləri qəbul etməyə başlayır.
Şirkət bildirir ki, ilk mərhələdə San-Fransisko, Los-Anceles və Feniksdə "seçilmiş sərnişinlər" üçün gedişlər təşkil olunacaq. Daha sonra isə xidmət tədricən daha çox sərnişin və şəhərə genişləndiriləcək.
İlkin mərhələdə səfərlər pulsuz olacaq. Waymo bu müddətdə yeni avtomobildə sərnişin təcrübəsi ilə bağlı məlumat toplamağı hədəfləyir. Pulsuz dövrdən sonra isə pullu gedişlərə başlanılacaq.
Xatırladaq ki, Waymo-nun hazırkı donanması — Jaguar I-Pace modelləri — şirkətin beşinci nəsil texnologiyası ilə işləyir və 2020-ci ilin mart ayında təqdim edilmişdi. Lakin həmin avtomobillərin istifadə müddəti artıq başa çatmaq üzrədir. Ojai isə yeni nəsil platforma olaraq bu boşluğu doldurmaq üçün nəzərdə tutulub.
Mənbə: The Verge (https://www.theverge.com/transportation/938156/waymo-zeekr-ojai-robotaxi-passenger-trips)

