Oyun dünyasında böyük səs-küyə səbəb olacaq bir xəbər yayılıb. Məşhur texnologiya saytı GamesIndustry'nin məlumatına görə, Microsoft rəhbərliyi şirkətin oyun bölməsi olan Xbox'u ana şirkətdən ayırma variantını ciddi şəkildə nəzərdən keçirir.
İki fərqli ssenari var
Hesabata əsasən, Redmond nəhəngi üçün iki mümkün yol var. Birinci ssenariyə əsasən, Xbox tamamilə müstəqil bir şirkətə çevrilə bilər. İkinci variantda isə Xbox, Microsoft'un törəmə şirkəti kimi fəaliyyət göstərə bilər – yəni maliyyə və strateji baxımdan ana şirkətdən ayrı, lakin hələ də tam olaraq Microsoft'a məxsus olacaq.
Qeyd edək ki, bu qərarın arxasında Xbox'un son illərdəki güclü performansı, həmçinin Activision Blizzard kimi böyük alışlardan sonra bölmənin daha sərbəst hərəkət etmə ehtiyacı dayana bilər. Rəsmi açıqlama olmasa da, sektor mütəxəssisləri bölünmənin Xbox'un səhmdarlar və investorlar üçün daha şəffaf və cəlbedici olmasına kömək edə biləcəyini düşünür.
Hələlik Microsoft mövzu ilə bağlı rəsmi açıqlama verməyib. Ancaq bu iddia reallaşarsa, oyun sənayesində böyük dalğalanmalara səbəb ola bilər. Xbox'un ayrılması, həm abunə xidməti Game Pass'in gələcəyini, həm də bölmənin hansı platformalarda oyunlar buraxacağını yenidən müəyyən edə bilər.
Yaxın günlərdə mövzu ilə bağlı daha ətraflı məlumatın ortaya çıxması gözlənilir.
Mənbə: GamesIndustry (https://www.gamesindustry.biz/report-microsoft-weighing-up-spinning-off-xbox)



